“Doğma torpaq” filmi Nizami Kino Mərkəzində

Nizami Kino Mərkəzində Xocalı faciəsindən bəxs edən ” Doğma torpaq” bədii filmi nümayiş olunur.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat, prodüseri Nəriman Məmmədovdur.

Filmin çəkiliş prosesinin 5 ildən çox davam edib və layihəyə mindən çox insanın cəlb olunub.

Ekran əsərinin çəkilişləri Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində aparılıb.

Filmdə Azərbaycanın yaxın tarixinin üç önəmli mərhələsi işıqlandırılır:  indiki Ermənistan ərazisində, tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz doğma yurdlarından qovulması, I Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi.

Ekran əsərinin süjet xəttinə görə hadisələr 1992-ci ildə cərəyan edir. Müstəqil Azərbaycan Qarabağda erməni separatçılarına qarşı mübarizə aparır. Jurnalist Miranda Qafqaz bəbiri haqqında sənədli film çəkmək üçün Londondan Azərbaycana gəlir. Tale onu kəşfiyyatçı Emillə bir araya gətirir. Onlar birlikdə çətin sınaqlardan keçirlər, bu sınaqlar zamanı Miranda Qafqaz bəbiri və Azərbaycanın müasir tarixinin faciəli səhifələri haqqında çox şey öyrənir.

Filmdə əsas obrazları Rüstəm Cəbrayılov və Alina Vorontsova canlandırırlar. Xalq artistləri Hacı İsmayılov, Məbud Məhərrəmov, eləcə də aktyorlar Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları da filmdə rol alıblar.

Günel Həsənova