29 may Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov qeyd edib ki , Azərbaycan hər zaman enerji sahəsində yeniliklərə imza atan ölkə olub:
“Azərbaycanın liderliyi ilə neft-qaz sektorunda regionları birləşdirən strateji layihələr həyata keçirilib. Bu gün isə ölkəmiz “yaşıl enerji” dəhlizləri yaratmaqla Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yeni enerji yollarının inşasına qərarlıdır. Bu baxımdan, üç böyük tədbiri bir araya gətirən Bakı Enerji Həftəsi özünü energetika sahəsində nailiyyətlərin nümayişi üçün nüfuzlu bir platforma kimi təsdiqləyib”.
C.Mikayılov əlavə edib ki, bu beynəlxalq tədbir Azərbaycanın enerji sektorunda atdığı uğurlu addımların, imzalanan müqavilələrin və qurulan əməkdaşlıqların əyani təzahürüdür: “Eyni zamanda bu platforma gələcək üçün yeni ideyaların irəli sürüldüyü, yeni layihələrin əsasının qoyulduğu, tərəfdaşlıqların qurulduğu və müqavilələrin imzalandığı mühüm bir məkandır. Tədbirin uğurla təşkilinə töhfə verən bütün tərəfdaşlara təşəkkür edirik”.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov qeyd edib ki,
30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.
2-4 iyun tarixlərində regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 30-cu dəfə keçiriləcək. Təşkil edildiyi illər ərzində “Baku Energy Week” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olmuşdur.
“Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.
SƏRGİNİN TARİXİ
“Baku Energy Week” öz əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan “Caspian Oil and Gas” sərgisindən alır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib.
“Caspian Oil and Gas” regionun enerji sektorunun inkişafında mühüm rol oynayaraq, 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi”nin müjdəçisi oldu. «Azəri-Çıraq-Günəşli» yataqlarının tammiqyaslı işlənməsi ilə bağlı sazişin imzalanmasından hələ bir neçə ay əvvəl danışıqların nəticəsi qeyri-müəyyən idi. Məhz bu zaman Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, səyi və təşkilatçılığı ilə Bakıda ilk dəfə neft-qaz sərgisi keçirildi. 2012-ci ildə sərginin açılışında çıxış edən Prezident İlham Əliyev həmin dövrü belə xatırlayır: “O sərgi 1994-cü ildə təşkil edilmişdi. Birinci sərginin Azərbaycanın nəinki neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur. Çünki Azərbaycan gənc müstəqil dövlət idi. Dünyaya hələ özünü tanıtdıra bilməmişdi. Azərbaycanın zəngin neft-qaz yataqları haqqında, əlbəttə ki, mütəxəssis dairələrində bilgilər var idi. Ancaq geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Azərbaycana çox böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyildir ki, sərgidən bir neçə ay sonra “Əsrin kontraktı” imzalanmışdır ki, bu gün biz hamımız onun nəticələrini görməkdəyik”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgilərin açılış mərasimində mütəmadi iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini vurğulayır. Ölkə başçısı sərgiləri ziyarət edərək iştirakçılar və ekspozisiyalar ilə tanış olur. ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniyanın Baş naziri kimi dünya liderlərinin iştirakçılara ünvanladığı salamlama məktubları bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini təsdiqləyir.
Uzun illərdir ki, “Baku Energy Week” çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir.
Yarandığı gündən etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrildi. Keçirildiyi 30 il ərzində “Baku Energy Week” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə vermiş, dünyanın 80 ölkəsindən 9000-dən çox şirkəti, 170 000-dən artıq ziyarətçini cəlb etmişdir.
Bu il “Baku Energy Week” 39 ölkədən 267 şirkəti qəbul edir. Ölkələr arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak edir. Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir.
Sərgi çərçivəsində neft-qaz sahəsində ixtisaslaşan tanınmış nəşriyyatlar, jurnallar, qəzetlər, informasiya agentlikləri və onlayn media qurumlarının stendləri də nümayiş olunacaq.
Bu il sərgi iştirakçılarının 35%-ni yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70%-ni xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40%-ni əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.
“SOCAR” “Baku Energy Week”in baş tərəfdaşı qismində çıxış edir. Tədbirin iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında “ABB”, “ACWA Power”, “Azfen”, “AZEL Systems LLC”, “Baku Steel Company”, “bp”, “CIM”, “Gap İnşaat”, “HMS Group”, “HUAWEI”, “Inpex”, “INTI”, “iMotors”, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, “MVM”,“NewMed Energy”, “Saipem”, “Pasha Bank”, “SLB”, “Türkiye Petrolleri AO”, “TotalEnergies”, “Tekfen Inşaat ve Tesisat,” “Türkiye Petrolleri AO” “Ural Steel” və “XRG” kimi nüfuzlu şirkətlər yer alır. Bundan əlavə, tədbirin intellektual tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edir. “Deloitte” tədbirin konsultativ tərəfdaşıdır. “Caspian Oil and Gas” sərgisinin rəsmi avtomobili qismində “Imotors MMC” çıxış edir. “Imotors MMC” – JMC markasının Azərbaycandakı rəsmi nümayəndəsidir. JMC – güclü mühərrikləri və dayanıqlı konstruksiyası ilə tanınan Çinin aparıcı pikap və kommersiya avtomobil istehsalçılarındandır.
30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.
13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaqdır. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaqdır.
Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaqdır. “Enerji sənayesində davamlılıq”, “Karbon emissiyasının azaldılması istiqamətində alternativ enerji kimi nüvə enerjisinin rolu”, “Təcrübə mübadiləsi: Gənc istedadları cəlb etmək və inkişaf etdirmək üçün ən yaxşı HR təcrübələri”, “Enerjidə innovasiyalar: Gələcəyin sənayesinin formalaşmasında təhsilin rolu”, “Enerjinin səsi” mövzularında panel müzakirələri keçiriləcəkdir. 30-cu Yubiley “Baku Energy Week” çərçivəsində “Smart Energy Hub” adlı xüsusi startap zonası təqdim olunacaq. Burada yerli və xarici ölkələrdən olan startap layihələri təqdim ediləcək və ümumilikdə 10 stend nümayiş olunacaq. Bu zona startapçılara öz qabaqcıl həllərini və strategiyalarını enerji sahəsinin aparıcı şirkətləri və digər maraqlı tərəflərə təqdim etmək üçün unikal imkan yaradacaq. Bakı Enerji Həftəsinin 30 illik təcrübəsindən bəhrələnərək, startaplar burada ənənəvi enerji, yaşıl enerji, neft-qaz, nəqliyyat və logistika sahələrinə dair layihələrlə iştirak edirlər.
3 və 4 iyun tarixlərində “Koroğlu” metrostansiyasından Bakı Ekspo Mərkəzinə və Bakı Ekspo Mərkəzindən, “Park Pulvar Mall”-a xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəliş təmin ediləcəkdir. Bu xidmətin rəsmi sponsoru “AZFEN” və “TEKFEN” şirkətləridir.