LİFT VƏ ESKALATORLAR: YÜKSƏK SƏVİYYƏLİ KEYFİYYƏT
Son illər ərzində Azərbaycanın lift və eskalator sektorunda fəaliyyət göstərən şirkətlərin sayında müəyyən qədər artım müşahidə edilsə də, onların yalnız bəziləri gördükləri işlərin keyfiyyətlərinə görə müştərilərini tam olaraq, razı sala bilirlər. Belə müəssisələrdən biri olan “S-ENNA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) artıq 9 ildir ki, bu sektorun ən aparıcı şirkətləri arasında özünə yer tutub.

“S-ENNA” şirkətinin təsisçisi və direktoru
Lift və eskalator sektorunda keyfiyyətli iş görən şirkətlərdən biri sayılan “S-ENNA” yaşayış binaları və obyektlərdə kifayət qədər zövqlü, modern dizayna malik, ən əsası isə yüksək təhlükəsizlik tələblərinə cavab verən lift və eskalatorlar quraşdırmaqla yanaşı, həmin avadanlıqların və qaldırıcı qurğuların idxalını da reallaşdırır. “S-ENNA” bunlardan əlavə “HYUNDAI ELEVATOR CO., LTD”ni Azərbaycanda təmsil edən şirkət olaraq, lift, eskalator, travelator, avtopark sistemləri, platform mühafizə qapıları təchizi, quraşdırılması və texniki servisi ilə də məşğul olur. Şirkətin peşəkar komandası digər lift brendlərinin də təmirini, modernizasiyasını və texniki xidmətini həyata keçirir.
İndiyədək “Çinar Park” Biznes Mərkəzində, Moskva Dövlət Universitetinin Bakı filialında, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, Olimpiya şəhərciyində, “Araz 2011” yaşayış binasında, Bakı Media Mərkəzində, “Caspian Business Hotel”də, “Nizami Mall”da, və s. liftlərin quraşdırılmasını həyata keçirən “S-ENNA” MMC işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işlərində də iştirak edib. Şuşada bərpa edilən və Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi “Qarabağ” hotelində liftlərin quraşdırılmasını bu şirkət həyata keçirib.
Azərbaycanda istehsal müəssisəsi olmadığı üçün “S-ENNA” liftlərin quraşdırılması üçün tələb olunan avadanlıqları xaricdən, əsasən Koreya və Çindən idxal edir. Xüsusi tip qaldırıcı qurğu və platformalar isə Türkiyədən gətirilir.
“S-ENNA” müştərilərinə yalnız sərnişin liftləri deyil, yük, xəstəxana liftləri, restoranlar, mağazalar üçün kənardan idarəolunan liftlər, eskalatorlar, yeriyən səkilər (travolator) də təqdim edir. Liftin şaxtasına, binanın tipinə uyğun olaraq, fərqli formalı liftlər təqdim olunur. Şaxtanın ölçüsünə uyğun olaraq, maksimum çəki, qapı ölçüsü, kabin ölçüsü və sürət təmin edilir.
Qiymətlərə gəldikdə, dünya brendi olan “HYUNDAI ELEVATOR CO., LTD”nin avadanlıqlarının qiymətləri texniki göstəricilərə uyğun tənzimlənir və bu qiymətlər digər brendlərin qiymət siyasətinə uyğun gəlir.
“S-ENNA” sifariş aldığı layihələrin yalnız icraçısı olmur. O, layihələrdə həm də müştərinin mənafeyini təmsil edərək onun maraqlarını nəzərə alır. Lift, eskalator quraşdırmaq üçün “S-ENNA”ya müraciət edən müştəriyə sifariş və servis xidməti ilə bağlı bütün məsələlər peşəkar komanda üzvləri tərəfindən detallı izah edilir. Müştəri ilə hətta seçdiyi qurğunun gələcəkdə yarada biləcəyi fəsadlar müzakirə olunur və ən optimal, etibarlı variant təklif olunur.
Sifarişin keyfiyyətli olmasından, müştərinin sonradan hər hansı problemlə üzləşməməsi üçün “S-ENNA” liftin tipinin seçilməsindən başlamış onun quraşdırılmasına, işə düşməsinə kimi olan bütün prosesləri ciddi şəkildə nəzarətdə saxlayır. Sözsüz ki, məhsulun keyfiyyətli olması birinci növbədə istehsalçıdan qaynaqlanır. Lakin bu, heç də hər zaman yetərli olmur. Liftin keyfiyyətli olması üçün layihənin texniki baxımdan dəqiq qiymətləndirilməsi, lift seçiminin düzgün aparılması, onun peşəkarlıqla quraşdırılması olduqca vacibdir. Sadalanan bütün bu amilləri nəzərə alan şirkət liftin parametrlərini təyin edən zaman təkcə binanın növünə (xəstəxana, iş mərkəzi, yaşayış və otel və.s) xüsusi diqqət yetirmir, hətta buraya insan axınının necə olacağını da nəzərə alır. Çünki bütün bunlar nəzərə alınmadıqda liftin məhsuldarlığı aşağı düşür, onun keyfiyyəti ilə bağlı müəyyən problemlər yaranır.
Liftin, eskalatorun təkcə komfortlu olması lazım deyil. Komfort və təhlükəsizlik amilləri bir-birini tamamlayaraq vəhdət təşkil etdikdə müştəri sonda rahat və təhlükəsiz liftdən, eskalatordan istifadə etmiş olur. Bunu özü üçün bir nömrəli prioritet sayan “S-ENNA” MMC-nin təhlükəsizlik amilinə ciddi şəkildə diqqət yetirməsinin nəticəsidir ki, indiyədək onun quraşdırdığı liftlərin təhlükəsizliyi ilə bağlı xırda da olsa, bir nöqsan ortaya çıxmayıb.
“S-ENNA”nın liftlərinin təhlükəsizliyinin ən böyük təminatçısı onun avadanlıqlarının istehsalçısının dünya miqyasında tanınan “Hyundai Elevator Co., Ltd” şirkətinin olmasıdır. Bu təcrübəli şirkətin təklif etdiyi bütün avadanlıqlar yüksək təhlükəsizlik tələblərinə cavab verir. Ancaq buna baxmayaraq, “S-ENNA” təhlükəsizliyin ən ali səviyyədə təmin edilməsindən ötəri liftlərin quraşdırılması zamanı özünün bəzi xüsusi tələblərini də qoyur, liftin layihələndirməsinə, sifarişinə, istehsal prosesinə nəzarəti özü həyata keçirir. İstehsalçı “S-ENNA”nın lift və eskalatorlarını məhz bu tələbləri nəzərə almaqla istehsal edir.
S-ENNA” lift və eskalatorların quraşdırılması zamanı işə daim nəzarət etməklə kifayətlənməyərək montaj bitdikdən sonra da daim sınaqlar keçirir. Bundan sonra liftlər Fövqəladə Hallar Nazirliyinin yoxlamasından keçir. Bütün bu prosedurlar lift və eskalatorların texniki pasportunda öz əksini tapır.

Lift quraşdırıldıqdan sonra avadanlıqlarının keyfiyyətinə 18 ay zəmanət verilir ki, bu da istehsalçı tərəfindən rəsmi nümayəndə olaraq “S-ENNA” MMC-yə təqdim edilən zəmanət müddətidir. “S-ENNA” “Hyundai Elevator Co.,Ltd” şirkətinin nümayəndəsi kimi həmin zəmanət müddətini müqavilədə rəsmi olaraq, qeyd edir. “S-ENNA”nın xidmətinin özəlliyi ondadır ki, lift sektorunda müştərisinə texniki xidməti ehtiyat hissə daxil olmaqla, həyata keçirir. Bu da o deməkdir ki “S-ENNA”nın liftlərinin zəmanəti daimi olur.
Azərbaycan, Bakı ş., AZ 1029
Nərimanov ray., məh. 1222, ev 12
Tel.: +(99450) 444 70 70; +(99412) 567 66 74
E-mail: info@s-enna.az
Web: www.s-enna.az
Xəyyam GÜNƏŞLİ