“Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA)

Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə yeni biznes assosiasiyalarının yaradılması və mövcud assosiasiyaların fəaliyyətinin gücləndirilməsi əsas hədəflərdən biri kimi nəzərdə tutulmuşdur.

Sözügedən Strateji Yol Xəritəsini rəhbər tutaraq uzun illərdir tikinti bazarında gördüyü işlərlə, ərsəyə gətirdikləri gözoxşayan göydələnlərlə və digər tikinti layihələri ilə layiqli yerlərini tutmuş bir neçə tikinti şirkəti tərəfindən 04 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqı təsis edilmiş və 05 oktyabr 2020-ci il tarixində, 1120-Q74-3858 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

“Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqı (bundan sonra ATİA) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, iştirakçılarının (üzvlərinin) hüquq bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-kommersiya təşkilatıdır.

ATİA üzv təşkilatların maraqlarını qoruyan, onları zəruri və faydalı məlumat və xidmətlərlə təmin edən, tikinti sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi platformadır.

ATİA-nın əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən və İttifaqın üzvləri olan tikinti şirkətlərinin inkişaf etməsinə köməklik göstərməklə Azərbaycanın tikinti sektorunun inkişafında, tikinti sektorunda vahid standartların formalaşdırılmasında və sistemləşdirilməsində aktiv iştirak etmək, onların fəaliyyətlərini əlaqələndirmək, sosial-iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaq, habelə onların ümumi mənafelərini təmsil və müdafiə etməkdən ibarətdir. Eyni zamanda tikinti şirkətlərinin vahid platformasını yaratmaq, tikinti şirkətləri arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaq, tikinti məhsulları və xidmətlərinin keyfiyyətini artırmaq, iştirakçılarının beynəlxalq tikinti bazarlarında fəaliyyətinə köməklik göstərmək, həmçinin milli tikinti sərgilərinin təşkilinin həyata keçirilməsində aktiv iştirak etmək İttifaqın qarşısına qoyduğu məqsədlərdəndir. ATİA məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: – Azərbaycan Respublikasında tikinti istehsalı (çoxmənzilli, fərdi yaşayış evlərinin və müxtəlif növ qeyri-yaşayış obyektlərinin tikilməsi, habelə körpülərin, tunellərin inşası və s.) sahəsində davamlı inkişafın təmin olunması üçün müvafiq infrastrukturun yaradılması; – bu sahədə fəaliyyət göstərən kommersiya hüquqi şəxslərinin əlaqələndirilməsi və ictimai faydalı fəaliyyətlərin təşkili üçün səylərinin birləşdirilməsi; – İttifaq iştirakçılarının mənafelərinin dövlət qurumları qarşısında təmsil və müdafiə edilməsi, könüllü təşkilatları və dövlət qurumları arasında körpü rolunun oynanılması; – tikinti istehsalı sahəsində beynəlxalq (ikitərəfli və çoxtərəfli) əməkdaşlığın qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın təcrübəsinin dünyada təşviqi.

  • Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyyası üzv olan təşkilatlara hansı xidmətləri göstərəcək?

a)Respublikamızda fəaliyyət göstərən yerli və xarici tikinti şirkətlərində audit, təftiş və maliyyə məsələləri üzrə məsləhətlərin verilməsi və xidmətlərin göstərilməsi, hüquqi məsələlərə dair məsləhətlərin verilməsi və xidmətlərin göstərilməsi, xarici tikinti şirkətlərinin respublikamızda fəaliyyəti üçün dəstək göstərilməsi

b) Dövlət qurumları ilə sıx əlaqə-Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası, üzv olan şirkətlərin yaranan problemlərin həlli istiqamətində dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri ilə qarşılıqlı əlaqə quraraq tikinti ilə bağlı yarana biləcək problemlərin qanuni formada həlli, müqayisə və mübadilə edilməsi, yaxşı təcrübələrin müəyyən edilib əldə edilməsi prinsipi ilə dövlət qurumları ilə sıx əlaqə yaradır.

c) Şirkət tanıtımı-Assosiasiyanın Saytının tərəfdaşlar bölməsində Assosiasiyaya üzv olan şirkətlərin tanıtımı ilə bağlı üzvün loqosunun yerləşdirilməsi Assosiasiyanın keçiriləcək tədbirlərində sponsurluq güzəşti əldə edilməsi və həmin tədbirlərdə və KİV vasitələrində üzv şirkətlərin reklam afişlərinin yerləşdirilməsi

d) Sosial platforma-Sosial platforma assosiasiya üzvlərinə layihələr ətrafında əlaqə və icmalar yaratmaq üçün peşəkar şərait yaradır. Məlumatların bölüşdürülməsi və paylaşılması üçün əsas metod sosial mediadır.

e) Sertifikasiya-Üzvlük Sertifikatı və İnşaat Təhlükəsizliyi Sertifikatı – tikinti mühiti daxilində sağlamlıq və təhlükəsizlik sahəsində peşəkar olmaq vacib məsələlərdən biridir. Buraya daxil olan predmetlər: hündürlükdə işləmək, sökülmə və qazma işləri, elektrik, betonlama daxil olmaqla bu kimi bütün işlərdir. Bu kursda iştirak edən üzvlər müvafiq qanunvericiliyə uyğun olaraq tikinti fəaliyyətini təhlükəsiz hala gətirmə bacarığına sahib olacaqlar.

  • Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyyasının üzv olan təşkilatlara nə kimi faydaları olacaqdır?

 Hökümətin həyata keçirdiyi iqtisadi islahatlarda iştirak imkanı.

Tikinti sahəsindəki Qanunvericiliyin təkmilləşdirilməsi prosesində iştirak etmək imkanı.

ATIA-nın təklif etdiyi xidmətlərdən istifadə etmək imkanı.

Geniş tərkibli və yüksək səviyyəli ATİA üzvləri ailəsinin bir parçası olmaq imkanı.

Tikinti sektorunun və biznesin inkişafina dair beynəlxalq təlimlərə qatılmaq imkanı.

Üzvlərə yeni xidmətlərin təqdim olunması imkanı.

Yerli və xarici tərəfdaşların tapılmasına dəstək.

Lobbiçilik fəaliyyətinin genişləndirilməsi.

KİV-də daha çox işıqlandırılma imkanı.

Şəbəkələşmə.

  • Assosiasiyaya kimlər üzv ola bilərlər və məhdudiyyətlər nədən ibarətdir ?
  1. Tikinti fəaliyyəti ilə məşğul olan (çoxmənzilli, fərdi yaşayış evlərinin və müxtəlif növ qeyri-yaşayış obyektlərinin tikilməsi, habelə körpülərin, tunellərin inşası və s.) yerli kommersiya hüquqi şəxslər üzvlüyə qəbul olunur
  2.  Tikinti fəaliyyəti ilə məşğul olan xarici kommersiya hüquqi şəxsləri və onların Azərbaycan Respublikasındakı nümayəndəlik və ya filialları üzvlüyə qəbul olunur
  3. Tikintiyə dair normativ qaydaların pozulmasına və fəaliyyətlərinin dayandırılmasına dair barələrində məhkəmənin qərarı olan tikinti şirkətləri həmin qərarın icra etdikləri və fəaliyyətlərini bərpa etdikləri gündən sonrakı 1 ildən tez üzvlüyə qəbul olunmurlar;
  4. Adları tikintiyə dair normativ qaydalara etinasız yanaşan, onları mütəmadi pozan tikinti şirkətləri üçün müəyyənləşdirilmiş «qara siyahı»sında yer alan tikinti şirkətləri üzvlüyə qəbul olunmurlar;
  5. Fəaliyyəti davamlı şəkildə pozulan, qeyri-müntəzəm fəaliyyət göstərən tikinti şirkətləri üzvlüyə qəbul edilmirlər
  6. Fərdi şəxslər Assosiasiyaya üzv qəbul edilmir.

Əlaqədar məqalələr
Tikinti

“Bakı Mərmər Qranit” MMC özəlləşdirilib

“Bakı Mərmər Qranit” MMC özəlləşdirilib İqtisadiyyat Nazirliyi yanında Əmlak…
►►►
Tikinti

Fərdi yaşayış evi tikilməmişdən öncə diqqət edilməli məqamlar

Fərdi yaşayış evi tikilməmişdən öncə diqqət edilməli məqamlar “Bəzən tikinti…
►►►
Tikinti

Azərbaycan şirkəti BƏƏ-yə termoizolyasiya lövhələri ixrac edəcək

Azərbaycan şirkəti BƏƏ-yə termoizolyasiya lövhələri ixrac edəcək Azərbaycanda…
►►►